Xalqımızın tarixi kökləri ilə bağlı olan, milli adət-ənənələrlə zəngin
Novruz bayramı həm də ölkəmizdə baharın gəlişinin müjdəçisidir. Bu
münasibətlə 20-21 mart tarixində İçərişəhərdə "Novruz-Bahar festivalı"
keçirildi. Festival günlərində Qoşa Qala Qapısı meydanında "Meydan
bazarı" təşkil olundu.
Meydan bazarında TEAS Press Nəşriyyat evi, o cümlədən "3 alma" uşaq
nəşrləri bölməsi də bir-birindən maraqlı kitablarının sərgi-satışını
həyata keçirdi.
Kitablarımız festivalda iştirak edən yerli sakinlər və xarici turistlər
tərəfindən böyük maraqla qarşılandı. Yeni nəşr olunmuş kitablarımızdan
"Dədə Qorqud hekayələri" oxucuların daha çox diqqətini cəlb etdi və ən
çox satılan kitablar arasında birinci oldu. Bundan başqa, gənc
valideynlər azyaşlı övladlarının həm əylənib, həm də maariflənməsi üçün
oyuncaq kitablarımıza üstünlük verərək onlara "Bax gör mən harda
yaşayıram" kitabını, axşamlar əyləncəli şəkildə yatmağa üstünlük verən
valideynlər isə "Hər kəs əsnəyir" kitabını seçdilər. Məktəbli oğlan və
qızlarımız isə seçim qarşısında çox "aciz" qalmışdılar. Bir-birindən
maraqlı kitablarımız onların seçimini çətinləşdirirdi. Bununla belə,
elmi kitablarla maraqlananlar, daha dəqiq desək, biologiya və coğrafiya
elmi ilə maraqlananlar "Qida zəncirləri və şəbəkələri" seriyası, "Böyük
pişiklər" seriyası, "Yerin relyefini öyrənirik" seriyası, kiçik
filosoflar "Biləndər uşaq" kitabını, yeni oxumağa başlayan şirin
qızlarımız "Sevimli Sevinc" seriyası, klassik əsər sevərlər isə "Mənim
ilk klassik əsərim" seriyasından olan kitablardan seçdilər.
Bundan başqa, maraqlı məqamlardan biri də o oldu ki, Cənubi
Azərbaycandan gəlmiş həmvətənlərimiz də öz övladlarına bayram hədiyyəsi
olaraq "3 alma" kitablarını seçdilər: "Qızım orda məktəbdə fars dilində
təhsil alır. Amma o, ana dilində oxumağı çox sevir. Qızımın bu sevgisini
daim yaşatması üçün ona söz vermişəm ki, Azərbaycan dilində kitablardan
ibarət böyük bir kitabxana yaradacağam."
"3 alma" kitablarını əldə edən balaca oxucularımızın hər biri öz sevinclərini bizimlə paylaşdılar.
Uğurlu keçən iki günlük bayram yarmarkasından ən gözəl görüntüləri sizə təqdim edirik.
Təşəkkürlər hər birinizə!