27.11.2018
Uşaqlıq həyatımızın ən məsum, ən azad dövrüdür. Hər insanın ilk xoş xatirələri, məsum xəyalları uşaqlığında gizlidir.
Təəssüf ki, uşaqlara əziyyət verməkdən zövq alan, zülm etməklə mənəvi rahatlıq tapanlar da var. Brit Troqenlə Kari Troqenin birgə yazdıqları “Marqaret və Pərvanə ağacı” kitabının zalım qəhrəmanı xanım Sviç kimi. Yazıçı əsərdə xeyir və şərin mübarizəsini bu iki obraz üzərində qurub.
Marqaret valideynlərini avtomobil qəzasında itirən yetim qızdır. Bir müddət qohumları ilə birgə yaşasa da, tale onu xanım Sviçin rəhbərlik etdiyi Hopeton uşaq evinə gətirib çıxarır. Bu uşaq evi şəhərin xeyirxah qadınlarının bir yerə toplaşdığı “Qayğıkeş Qadınlar Cəmiyyəti”nin təşəbbüsü ilə yaradılıb. Onların arzusu Marqaret və onun kimi kimsəsiz uşaqlara isti yuva bəxş etməkdir. Lakin xanım Sviç fərqli düşünür. Göndərilən pulları mənimsəyərək uşaqlara sıyıqdan başqa nəsə vermir. Uşaqlar köhnə, cır-cındır paltarlar geyinir, ən ağır işlərdə çalışdırılırlar. Yoxlama gələndəsə uşaq evinə sanki sehrli dəyənək toxunur. Hər şey gizlədilir. Uşaqlar təzə paltarlar geyinirlər, süfrəyə cürbəcür yeməklər düzülür. Sviç uşaqların gözünü dəhşətli cəzalarla elə qorxudub ki, hamı onun planını qüsursuz olaraq yerinə yetirir. Uşaqların zülm gördüyü bu cəhənnəm bir anda isti yuvaya çevrilir. Marqaret gələnədək hər şey bu şəkildə davam edir. Balaca qız cəsarəti, zəkası sayəsində Hopetonda Sviçə meydan oxuyan ilk uşaq olur.
“Marqaret sözün əsl mənasında dinləmək qabiliyyətinə yiyələndi ki, bu da həyatda çox az adamda var. Qızcığaz beş yaşında artıq dünyada nadir adamların eşidə biləcəyi səsləri rahatca dinləyirdi. Məsələn, döşəmənin taxtaları arasında titrəyən kölgəni, pəncərədən ötüb keçən günəşin ilk şüalarını və sairə”.
Marqaret xüsusi uşaqdı. Və xüsusiliyi sayəsində Hopetonun bağçasında özünə əsrarəngiz dostlar tapır. Pərvanə ağacı onun sığıncaq yeri olur. Hər gün işlərini bitirdikdən sonra fürsət tapıb yoldaşlarıyla görüşə gedir. Görəsən, Marqaret və sehrli dostları xanım Sviçi məğlub edə biləcəklərmi? Axı, Sviç niyə bu qədər qəddardır? O nə vaxtsa etdiklərinə görə peşman olacaqmı?
İnsan qəddar doğulmur. Xarakterin bu cür formalaşmasını yaradan səbəblər mövcuddur. Xanım Sviçin də keçmişi ilə bağlı xoş olmayan xatirələri vardı.
“Hər bir hekayənin yaramaz tərəfi, hər bir yaramazın da öz hekayəsi var. Bəzən illərlə sürən tənhalığın kini asta-asta insanın qəlbində toplanır. Bəzən isə amansız fotoqrafın kobud sözləri insanın xəyallarını qəflətən alt-üst edir və bundan sonra kin, nifrət insanın içinə dolur”.
Həqiqətən şəxsiyyət pozğunluğunun ən böyük səbəblərindən biri sevgi, qayğı əksikliyidir. Evdə, ailədə, cəmiyyətdə, dostları arasında sevgi görməyən, insanlar tərəfindən olduğu kimi qəbul edilməyən uşaqlıar içində olduqları vəziyyətdən çıxış yolu tapmaq tapmaq üçün əksər hallarda zorakılığa əl atırlar. Xanım Sviç kimi insanların varlığı qaçılmaz olur. Bu kitabın verdiyi ən böyük mesajlardan biri də məhz budur. Müəllif balaca Marqaretlə oxucunu sevgiyə, dostluğa və xeyirxahlığa səslədiyi kimi, Sviç obrazı ilə sorğulamağa çalışır. İstər-itəməz düşünürsən ki, görəsən, Sviçin ətrafında onu həqiqətən sevən, qayğı göstərən insanlar olsaydı, yenə belə zalım olacaqdı?
Kitab uşaq ədəbiyyatı nümunələrindən olsa da, böyüklərin əhəmiyyətli dərəcədə faydalana biləcəyi kitablardandır. Tərcümə Gülər Qasımovaya aiddir. Əsər axıcılığı, sadə dililə seçilməklə bərabər, hər hadisədən, hər səhnədən sonra dəyərli, düşündürücü fikirlərlə qarşılaşılayır bizi. Demək olar, hər fəsildə önəmli sətiraltı mesajlar verir.
“Yaşından asılı olmayaraq, bütün zalımlar bir-birlərinə çox bənzəyirlər. Nə qədər döysələr, söysələr, işgəncə versələr də, heç vaxt razı qalmazlar. Zalımlarla bağlı bir gerçəklik də ondan ibarətdir ki, çox vaxt özlərini də incidən, yaralayan, qarın ağrısı və ya dabana batmış tikan kimi sancı verən dərdləri olur. Bu dərdin səbəbi tənhalıq, qısqanclıq, hətta qorxu da ola bilər”.
“Marqaret və Pərvanə ağacı” həm uşaqların, həm də böyüklərin sevə-sevə oxuyacağı kitablardandır. Belə öyrədici, tərbiyəvi yöndən düzgün istiqamətləndirən əsərlərin oxunması ikqat çox lazımlıdır. Çünki cəmiyyətimizin yaralı yeri elə bu “bilməməzliklər”dir. Uşaqlarımıza doğru kitablar seçməklə indi öhdəsindən gələ bilmədiyimiz problemlərin yaranmasının qarşısını ala bilərik. Bəlkə də bunun sayəsində uşaq evlərini, bağçaları, məktəbləri, təlim-tədris müəssisələrini görməyə adət etdiyimiz sviçlərə yox, normal insanlara əmanət edə bilərik.
Uşaq ədəbiyyatını sevən, maraq göstərən hər oxucu Marqaretin sirli dünyasına, gözəl Pərvanə ağacına nəzər yetirməlidir.