Kris Oksleyd və Elen Labrek bir sıra elmi əsərlərin müəllifidirlər. İbtidai sinif şagirdləri, təbiəti sevənlər üçün nəzərdə tutulmuş bu əsərlər vasitəsilə oxucularımız Yer kürəsi və onun relyefi haqqında maraqlı informasiyalara sahib ola biləcəklər. Şübhəsiz ki, hər kəsin coğrafiyanı mükəmməl bilməsi vacib deyil, lakin adalar, dərələr, mağaralar, dağlar, eləcə də vulkanlar haqqında ilkin məlumatlara yiyələnmək heç də pis olmaz. "Yerin relyefini öyrənirik" seriyasına daxil olan bu 5 kitabın ingilis dilində olan versiyası "Amazon" internet səhifəsində oxucular tərəfindən ən çox alınanlar sırasındadır. Hazırda bu kitablar Azərbaycan dilinə tərcümə olunub və artıq kitabsevərlərimiz onları rahatlıqla əldə edə bilərlər.
"Yerin relyefini öyrənirik" seriyasına daxil olan kitablarda, adından da göründüyü kimi, təbiətdən, yerin relyef formalarından bəhs olunur. Bu kitablar maraqlı fotoillüstrasiyalar və şagirdlərin yaş səviyyəsinə uyğun sadə və anlaşıqlı mətnlərdən tərtib olunmuşdur. Eyni zamanda bu kitablarda "Dağlar, dərələr, vulkanlar, adalar və mağaralar necə yaranır?", "Onlara harada rast gəlinir?" kimi bir sıra maraqlı suallara da cavab tapmaq mümkündür.