Hər bir valideyn övladının savadlı, özünə, ailəsinə, dövlətinə yararlı bir şəxs olmasını istəyər. Bunun üçün lazımi və maddi imkanının yetdiyi qədərilə yüksək səviyyəli məktəblərə göndərər. Yetər ki, uşaqları təlim-tərbiyə alsın, həm əqli, həm zehni, həm də fiziki cəhətdən inkişaf etsin.
Həyatda elmlə, təhsillə yanaşı hər insan üçün vacib olan əsas amillərdən biri də özünütərbiyə, düşünmə kimi bir sıra keyfiyyətlərin formalaşmasıdır.Məktəblər, təlim-tədris mərkəzləri bizlərə nə qazandırır?
- Elm, təhsil, müəyyən qədər də tərbiyə...
Bəs məktəbdə gündəlik öyrəndiklərinizdən əlavə sizi maraqlandıran, diqqətinizi çəkən ətraf mühitlə, həyatla bağlı başqa mövzular yoxdurmu? Əgər bu haqda bir az fikirləşsəniz özünüz də görəcəksiniz ki, mütləq belə mövzular vardır.
Məsələn "Biləndər uşaq" kitabının əsas obrazı olan 12 yaşlı Bilgəni düşündürən mövzulara diqqət yetirsək cavabların sizin üçün də maraqlı olduğunu görəcəksiniz.
Bilgə dərslərinə çalışan, məsuliyyətli şagirddir. Lakin o, yalnızca məktəbdə öyrəndikləri ilə kifayətlənmir, onu düşündürən, maraqlı olan bütün suallar üzərində araşdırmalar aparır, doğru cavabları tapmağa calışır.
Kitabın müəllifi Nuran Direk bu kitabı yazaraq uşaqları təhsil müddəti boyunca müxtəlif elmlərlə tanış olmasına baxmayaraq, hələ elmi düşüncənin xüsusiyyətləri kimi vacib məsələlər barədə fikirləşməyə macal tapmayan şagirdləri bu mövzu üzərində düşünməyə dəvət edir.
Həyatda insanın nəyi bilib, nəyi bilmədiyinin fərqində olması çox nəcib keyfiyyətlərdəndir. Bəzən doğru bildiyimizi araşdırarkən şübhələnir, şübhələrimizi aradan qaldırmaq üçün çalışarkən isə doğru nəticəni əldə edə bilirik. Qısacası "şübhələr yeni informasiyalar əldə etməyimizə vəsilə olan bir vasitədir" də deyə bilərik.
Əgər sizin də dünya, ətraf aləm və bir sıra müxtəlif mövzular haqqında şübhələriniz varsa, həmin şübhələri aradan qaldırmağa çalışın və Bilgəni düşündürən mövzulara bir də siz diqqət yetirin. Əmin olun ki, "Biləndər uşaq" əsərini oxumaqdan zövq alacaq və öyrəndiklərinizi yoldaşlarınızla bölüşmək üçün səbirsizlənəcəksiniz.