Bir çoxlarımız ilkin insanların necə yarandığına dair müəyyən qədər məlumata sahibik. Zamanında öyrəndiklərimiz nə dərəcə doğru,nə dərəcə yanlışdır deyə bilmərəm. Lakin sizlərə biliyinizi yeniləmək, bilmədiklərinizi öyrənmək üçün çox gözəl və dəyərli məlumatları özündə toplayan bir atlas məsləhət görə bilərəm.Bəzən öz-özümüzə sual veririk: "Görəsən savadlıyammı, yetərincə dünya görüşüm varmı?" Cavabın isə əksəriyyətimizdə eyni olduğuna əminəm. Çoxumuz bu suala belə cavab veririk: "Bəli! Az-çox savadım var, amma xarici ölkələri gəzmədiyimə görə lazımi səviyyədə dünya görüşüm yoxdur."
Sizlərə onu deyim ki, dünyagörüşlü olmaq üçün xarici ölkələri gəzmək əsas deyil. Bunun üçün ən vacib şərtlərdən biri çoxlu sayda kitablar oxumaq, araşdırmalar aparmaqdır. Əmin olun ki, bir ölkə haqqında kitab oxuduqda əldə etdiyiniz məlumat, həmin ölkəni gəzdiyiniz zaman topladığınız məlumatdan daha çox və daha yaddaqalan olacaqdır. Təbii ki, hər bir insan dünya ölkələrini gəzə bilməz, lakin savadlı olmağa çalışan hər bir insan kitab oxuya bilər.
Gəlin bəzək-düzəkləri bir kənara qoyaq və biraz reallıqdan danışaq. Televiziya proqramında daha çox elmi, coğrafi, humanitar fənnlərə dair sualların verildiyi, avropalılar və azərbaycanlılardan ibarət iki rəqib komandanın iştirak etdiyi intellektual bir yarışma düşünün. Tam əminliklə sizlərə deyə bilərəm ki, yarışma zamanı avropalı uşaqların aktivliyi, savadı, dünyagörüşü bütün diqqəti üzərlərinə çəkməyə və sonda qalibiyyət əldə etmələrinə səbəb olacaq. Bəs problem nədə, günah kimdədir? Şagirdlərimizmi bu məsələdə təqsirkardır? Bəlkə də kitablarımız qaneedici deyil.... Bunlar hamsı beynimizdə dolaşan suallardır. Bəs əsas səbəb?
Bu haqda öz fikirlərimi paylaşım sizinlə. İndiki dövrü nəzərə alaraq deyə bilərəm ki, hər birimiz oxuyaq, savadlı, vətəninə, xalqına yararlı bir gənc kimi formalaşaq deyə valideynlərimiz tərəfindən məktəbə göndərilirik. İmkanlı ailələr də, imkansız ailələr də övladı üçün hər şeyin ən yaxşısını etməyə çalışır. Bəs bunun qarşılığında valideynlərimizin zəhmətini lazımınca dəyərləndiririkmi? Deyərdim ki, XEYR! Mən ən əsas və başlıca problemi məktəblilərin, yalnızca məktəblilərin də deyil, eləcə də gənclərin kitab oxumamasında görürəm. Günümüzdə hər birimiz internetdən istifadə edirik, doğrudur. Hətta saatlarla kompüter qarşısında zaman keçirənlərimiz də var. Amma təəssüf ki, internetdən maraqlı informasiyalar əldə etməyə çalışan gənclər say etibarilə çox azdır. Problem isə uşaqların elmə, elmi biliklərə dair araşdırma aparmağa diqqətinin olmamasında deyil, problem gənclərin nəyi, hansı mövzunu araşdıracağını bilməməsindədir.
Bütün sözügedən məsələləri nəzərə alaraq, sizlər üçün hansı kitabların daha faydalı ola biləcəyini araşdırdıq. Nəticə etibarilə ilk dəfə 2011-ci ildə Böyük Britaniyanın "Barefoot books" nəşriyyatı tərəfindən hazırlanmış və çap olunmuş "World Atlas" , yəni "Dünya atlası" adlı kitabı orijinalına əsasən ingilis dilindən azərbaycan dilinə tərcümə edərək sizlərə təqdim etmək qərarına gəldik .
Kitabımız sizləri heç bir zaman görmədiyiniz və gəzmədiyiniz ölkələrlə tanış edəcək. Hətta onu da qeyd edim ki, bir anlıq bunun sadəcə bir kitab olduğuna şübhə belə edəcəksiniz. Az öncə qeyd etdim ki, kitab orijinalina əsasən tərcümə olunub. Bəli, doğrudur. Lakin biz yenə də orijinal variant ilə kifayətlənməyərək kitabın Cənub-Qərbi Asiya bölməsinə ölkəmizin müasir tikililərindən Alov qüllələrinin, Bakının simvolu Qız qalasının, cənub zonasının əsas məşğuliyyətini əks etdirən çayçılıq və qızılı kürən rəngi ilə fransız qadınlarının belə diqqətini çəkən Qarabağ atının kiçik fotoşəklini də əlavə etdik .
Bundan əlavə kitabda olduqca maraqlı faktların yer aldığı qatlanan səhifələr, bukletlər, izahlı lüğət, bütün ölkələrin adları və paytaxtlarının siyahısı, ən sonda isə dünya xəritəsi yer almaqdadır.
Bundan əlavə XXI əsr üçün hazırlanmış atlasda planetin bütün hissələrinin bir-biri ilə qarşılıqlı əlaqəsi göstərilir, daha təmiz və parlaq gələcəyə dair ideyalar verilir.