"Oxuyacaq, öyrənəcək, vətənimə yararlı bir gənc olacağam! Torpağımı azad edəcək, itirdiyimiz hər qarışını geri qaytaracaq, yaşanan bütün əzab əziyyətin hesabını düşmənimdən tək-tək soracağam!" - deyirik...
Çoxları oxuyacağam deyər, amma oxumaz! Dövlətimə, millətimə yararlı insan olacağam deyər, amma olmaz! Səbəb? Çünki məqsədyönlü çalışmırlar. Hər valideyn deyər ki, çox istərəm övladım savadlı olsun. Hətta onu deyim ki, universitetə qəbul günü ailələr üçün bayram gününə çevrilər. İllərlə danışıqların ardı-arası kəsilməz.
Hər zaman arzular böyük, əməllər kiçik olur. Yalnızca istəmək, nəyinsə xəyalını qurmaq kifayət etməz. Necə deyərlər: "İşləməyən dişləməz." Fikrimcə düşmən üzərində qələbə yalnızca döyüşlərdən keçmir. "Savad insanın soyuq silahıdır!" - deyə düşünürəm. Çox insanın əli silah tuta bilər. Kimisi atəşi peşəkarcasına, kimisi isə kor-koranə açar və düşmənə tuş gələr. Amma hər kəs kəliməsi ilə düşmənini məğlub edə bilməz. Bunun üçün lazım olan bacardığından da artıq çalışıb çoxlu kitab oxumaq, elmə yiyələnməkdir. Niyə sizin övladınız da sözü ilə düşmən üzərində qələbə qazananlardan olmasın?
Əgər siz də cəmiyyətə bilikli bir şəxs daha qazandırmaq istəyirsinizsə övladınıza hələ çox kiçik yaşlarından dəstək olun. Televiziya kanallarından daha çox tələbatlarını onlara şəkilli, oyuncaq kitablar alaraq qarşılayın. Onların tək başına oturub televizora baxmaqdan daha çox sizinlə birlikdə kitablarla zaman keçirməyə ehtiyacı var. "Biz valideynlər üçün uşaq kitabları cox darıxdırıcıdır" - deyə düşünə bilərsiniz. Amma inanın ki, heç də elə deyil. Hər birimizin uşaq kitablarından öyrənəcəyi kiçik, böyük bir şeylər var. Sadəcə istəməyiniz, oxumağa cəhd etməyiniz kifayətdir. Yeni-yeni məlumatlar əldə edəsiniz deyə TEAS Press Nəşriyyat evi dayanmadan sizlər və övladlarınız üçün çalışır. Onları maarifləndirəcək, təbiəti, insanları, qısaca həyatı öyrədəcək saysız hesabsız kitablar nəşr edir. Bu günə kimi onların bir çoxu haqqında sizlərə danışmışam. Bu gün isə sizlərlə Melani Uatın "Buqələmun Buqi" kitabı haqqında fikirlərimi bölüşmək istəyirəm. Əvvəla bir məsələni nəzərinizə çatdırım. Hər hansısa bir kitabı əlinizə aldığınızda kitabın həcminə deyil, öncə o kitabın övladınıza nə öyrədə, nə qazandıra biləcəyinə diqqət yetirin. Heç bir kitabın həcmi sizi yanıltmasın. Tək bir cümlənin belə çox məsələni izah edə bildiyi halda niyə görə kitabları cümlə sayına görə dəyərləndirək ki? Eləcə də "Buqələmun Buqi"ni...
Buqinin hekayəsini oxuyarkən uşaqlarınız yalnızca yeni sözlər deyil, yeni təcrübələr də qazanacaqlar. Bilmədikləri yenilikləri öyrənəcək, etdikləri səhvləri dərk edəcəklər. Eyni zamanda özlərini kəşf edərək onları digər uşaqlardan fərqləndirən cəhətlərinin fərqinə varacaqlar. Buqi uşaqlara təbiəti, ətraf aləmi bizlərə sevdirən, həyata yaşanacaq görkəmi qazandıran rəngləri, bir rəngdən başqa rəngi necə əldə etməyin yollarını öyrədəcək. Bir rəngi başqa rəngdən ayırmağı bacaran uşaq inanın ki, zamanla pisi yaxşıdan, doğrunu yanlışdan ayırmağı da bacaracaq.
Bu gün gündəlik həyatda hər gün qarşılaşdığımız problemlərdən biri uşaq sahibi anaların övladları ilə gəzməyə çıxarkən onlara valideynlərinin yanından çox uzaqlaşmamalı olduqlarını izah etməyə çalışmasıdır. Sözə qulaq asmayıb xəbərsizcə uzağa getməyə can atan uşağın əgər gedərsə itə biləcəyi ehtimalını dərk etməsi həqiqətən də çətindir. Bunun üçün onları Buqinin hekayəsi ilə tanış edin.
Həqiqətən də Buqinin onlara öyrədəcəyi çox şey var.
İlk dəfə 2001-ci ildə Kanadanın "Kids Can Press" nəşriyyatı tərəfindən "Leon the Chameleon" adı ilə nəşr olunan kitab bu gün orijinalına əsasən TEAS Press Nəşriyyat evində ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək sizlərə təqdim olunur. TEAS Press Nəşriyyat evinin gördüyü işlər "Buqələmun Buqi" kitabı ilə yekunlaşmır. Əmin olun ki, biz daha bir çox kitablarımızı sizlərlə paylaşacağıq. Əziz uşaqlar, son olaraq Buqinin sizlərin diqqət yetirməyinizi istədiyi bir sözü var: "Unutmayın! Fərqliliyiniz başqalarından üstünlüyünüz, sizi siz edən əsas cəhətinizdir!"
Onun nə demək istədiyini hekayəni oxuduğunuzda daha yaxşı anlayacaqsınız. Sizlərə xoş mütaliələr arzu edirəm...
Ayan Sadıqova