Səbət
0
Ara toplam: 0.00 ₼

Məlumat-sorğu kitabları

28.02.2017

Hər evdə, sinif otağında, idarə və təşkilatda məlumat-sorğu kitablarına ehtiyac olur. Müəyyən bir sualın cavabını tapmaq üçün bu kitablara müraciət edilir.

Uşaqların da məlumat-sorğu kitablarına ehtiyacı var! Onlarda hansısa xüsusi bir sual yaransa, cavabı məlumat-sorğu kitablarında tapa bilərlər. Bu kitablara lüğətlər, atlaslar, ensiklopediyalar və s. aiddir.

İspaniyanın paytaxtı haradır? İngilis dilində "kitab"a nə deyilir? Ən çox ölkəsi olan qitə hansıdır? Bu kimi sualların cavabını məhz lüğət, atlas və ya ensiklopediyalarda tapa bilərik.

Məlumat-sorğu kitablarından istifadə etməklə uşaqlarda informasiyanın necə - əlifba sırası ilə, tematik ardıcıllıqla və ya tamdan başlayıb onu tərkib hissələrinə ayırmaqla təqdim olunması barədə təsəvvür formalaşır.

Əlifba sırası ilə verilmiş məlumatın axtarış üsulunu öyrənmək uşaqların bilməli olduğu vacib məsələlərdən biridir. Lüğətə və indeksə müraciət etməklə bu bacarığa yiyələnmək asanlaşacaq. Tematik ardıcıllıqla verilmiş kitabların dərk olunması uşaqlara özləri üçün lazım olan məlumatı tapmaqda yardım etməklə yanaşı, həm də xüsusi bilik sahələrinin məzmununu öyrədir. Tamdan başlayıb tərkib hissələrinə ayrılan məqalələri oxuyan uşaqlarda isə izahlı mətn yazmaq qabiliyyəti formalaşır.

Məlumat-sorğu kitabları sadəcə hansısa sualın cavabının tapılması üçün mənbə deyil. Onlar həm də vərəqləyib nəzərdən keçirmək üçün əla əyləncə vasitəsidir. Uşaqlar bu kitabların təsadüfən hansısa səhifəsini açıb oradan maraqlı məlumatlar əldə edə bilərlər. Buradan elə inanılmaz faktları aşkar etmək olar ki, uşaqların dünya haqdakı bilikləri artar və maraq dairələri genişlənər. Yaxud da onlar xüsusilə maraqlandıqları bilik sahəsinə, məsələn, kosmik səfərlər, bizim eradan əvvəlki dövrdə həyat, heyvanların davranışları, qədim Misir və s. aid fəsli açıb oradakı məlumatları mənimsəyə bilərlər.

Uşaqlar məlumat-sorğu kitablarını oxumağa saatlarla vaxt sərf etməkdən məmnun qalırlar. Çünki bu biliklərini valideynlərinə nümayiş etdirərək necə savadlı olmaları ilə öyünürlər.

Biz yeni məlumat-sorğu kitablarımızı uşaqların ixtiyarına verməkdən məmnunuq. Düşünürük ki, onlardan uşaqlarla yanaşı valideynlər və müəllimlər də zövq alacaqlar!

"Mənim azərbaycanca-ingiliscə ilk cümlələr lüğətim "də həm ayrı-ayrı sözlərin, həm də onların işləndiyi cümlələrin tərcüməsini tematik ardıcıllıqla görmək olar. Bu kitab məktəb üçün dəyərli, vərəqləmək üçünsə əyləncəli vəsaitdir.

"Mənim ilk atlasım " kitabına Yer kürəsi haqqında qısa məlumat, dünyanın və ayrı-ayrılıqda bütün qitələrin rəngli xəritələri, peykdən çəkilmiş valehedici fotolar daxildir. Qatlanan bukletlər, açılan səhifələr və ayrıca dünya xəritəsi olan "Dünya atlası "mız isə sadəcə dünya ölkələri və paytaxtları deyil, eləcə də çoxlu maraqlı faktlarla doludur.

Bundan başqa, uşaqlarımıza iki müxtəlif ensiklopediya da təqdim edirik. Azyaşlı uşaqlar üçün nəzərdə tutulan "Mənim ilk şəkilli ensiklopediyam " seriyasında müxtəlif mövzular hərəsi bir kitabda (hərəsi 32 səhifə olmaqla 6 kitab) verilib. 10 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulmuş "Uşaq ensiklopediyası "nda isə bütün mövzular 256 səhifəlik bir kitabda tematik ardıcıllıqla yer alıb.

Uşaqlar gözəl illüstrasiyalı bu maraqlı kitablar vasitəsilə istənilən mövzu üzrə dərin bilik sahibinə çevrilməkdən zövq alacaqlar.

Arzu Cəfərova