"Cənab Şalvar" seriyasının ilk kitabı "Getmək vaxtıdır!" komiks ədəbiyyatın maraqlı nümunələrindəndir. Müəllifin özünün də qeyd etdiyi kimi, yediyi şokoladlardan ilham alaraq çəkdiyi illüstrasiyalar sayəsində Cənab Şalvar uşaqların sevimli qəhrəmanı olacaq. Skot Makkromik kitabın əvvəlində də şokoladlı peçenye hazırlayanlara öz təşəkkürünü bildirir. Müəllif bu kitabı indiyədək tanıdığı "ən bərk gedən" pişiklər Soen və Sadinin şərəfinə qələmə alıb. Bu kitablarda hər şey var - oyuncaq, əjdaha, karton qutu, gəlinciklər və s. uşaqlar üçün maraqlı şeylər. Seriyanın qəhrəmanı Cənab Şalvar güclü yumor hissinə malik, daima bacıları ilə zarafatlaşan, yeni oyunlar axtaran maraqlı bir pişikdir. Hamı ilə zarafat edir, öz məqsədinə çatmaq üçün müxtəlif oyunlar qurur, evdəkiləri bezdirir. Amma bunlara baxmayaraq, bacıları Güllər və Məstan onu çox sevirlər, onunla oynamaq üçün bir-biri ilə yarışırlar. Komiks janrında əyləncəli və asan dillə yazılmış bu kitablar uşaqları güldürəcək və çox əyləndirəcək. Bu seriya o qədər gülməlidir ki, hətta böyüklər də maraqla oxuyacaqlar. Yay tətilinin son gününü lazer oyununa getmək istəyən Cənab Şalvar əyləncənin və istirahətin başa çatmağını istəmir. Ondan fərqli olaraq, bacıları lazer oyununa getmək istəmirlər, çünki onların başqa planı var. Lakin bu pişik belə işlərdə təcrübəli olduğu üçün istədiyini əldə etməyi bacarır və axırda nəinki bacılarını, hətta anasını da oyuna cəlb edə bilir. Lazer oyununda uduzan Cənab Şalvar sıfır xalla axırıncı yerdə olur, lakin bu onun üçün fərq eləmir, çünki ən əsası oyunu oynamaq idi.
"Cənab Şalvar" seriyasının "Şalvar, Kamera, Motor" kitabında isə qəhrəmanımız film müsabiqəsində iştirak etmək niyyətinə düşür. Amma bunun üçün onun cəmi bir neçə saat vaxtı var. Müsabiqədə qalib gəlib pul mükafatını qazanmağı qarşısına məqsəd qoyan Cənab Şalvarın ən böyük arzusu Havay adalarına getmək və tısbağalarla birlikdə üzməkdir. O, müsabiqədə qalib gəlməsə də, özünü əsl qalib hesab edir. Çünki həqiqətən də çəkdiyi film əla alınmışdı. Əslində əsas olan qalib gəlmək yox, bunun üçün çalışmaqdır, nəsə yaratmağa səy göstərməkdir. Güllər və Məstan sözəbaxan, ağıllı pişiklərdir. Cənab Şalvar isə pinti və səliqəsizdir, üstəlik hər bəhanə ilə işdən qaçmağa çalışır. Yazıçı Məstan obrazını yaradarkən Qromi Lulubel adlı pişiyindən ilham alıb. Bu maraqlı illüstrasiyaları çəkən R.H.Lazelinin isə pişiyi yoxdur. Uşaqlar Cənab Şalvarın başına gələnləri oxuduqca həm özlərinin gündəlik həyatda rast gəldikləri maraqlı əhvalatlarla tanış olacaqlar, həm də ailənin, bacı və qardaşların dəyərini anlayacaqlar.
Süsən Hüseynova