TEAS Press Nəşriyyat evi həmişə olduğu kimi yenə də yeniliklərlə öz oxucularına töhfə verir. Nəşriyyat "3 alma" əmtəə nişanı ilə kiçik yaşlı oxucularını sevindirməyə davam edir.
Azərbaycanda ilk dəfə!
BARMAQ İZLƏRİ - oyun kitabları
3 kitabdan ibarət bu seriya "Barmaq izlərini təqib et" adlanır.
Bunlar BARMAQLARI TOXUNDURARAQ OXUNAN KİTABLARDIR. Bu o deməkdir ki, uşaqlar oxuyarkən kitabın səhifələrində verilmiş ensiz cığırlar və izlərin üzərində barmaqlarını gəzdirərək kitabı həm də hiss edirlər. Bu kitablar uşaqların valideynlə birlikdə oxuması üçün nəzərdə tutulur. Valideyn kitabdakı yazıları oxuya-oxuya illüstrasiyaları izah edir, barmağının ucunu kitabın səhifələrində verilmiş ensiz cığırlarda gəzdirir, qatlanan hissələri açır. Sonra uşaq onun barmaq izlərini təqib edərək əyləncəli öyrənmə prosesində iştirak edir. Əgər ata, ana və uşaq üçlükdə oxuyursa, bu proses üç dəfə təkrarlana bilər. Yaxud da bağçada tərbiyəçi ilə qrupdakı uşaqlar birlikdə oxuya və bunu dəfələrlə edə bilərlər.
Bu, təkcə eşitmək və görməklə deyil, toxunmaqla öyrənməkdir və hələ oxuma-yazma bilməyən uşaqların diqqətini cəlb etmək üçün xüsusi metodikadır. Bu üsul uşaqlarda ətraf aləmi qavramaq üçün əsas rol oynayan kiçik motorikanın inkişafına və öyrənmə prosesində iştirakına səbəb olur.
Uşaqlarda hələ kiçik yaşlardan diqqətin cəmlənməsi, komanda ruhunun aşılanması və öyrənmə prosesində ardıcıllığa, yəni növbələşmə vərdişinə alışmaq əsas məsələlərdəndir. Müasir dövrün uşaqlarına oxu vərdişini aşılamaq və onlarda mütaliəyə maraq yaratmaq üçün belə kitablar çox əhəmiyyətlidir.
Bu seriyanın kitablarında həm də qatlanıb-açılan "pəncərə"lər var. Həmin pəncərələri açmaqla səhifələrdə qoyulan sualın cavabı tapılır və yaxud orada uşaq nəsə yeni bir şey kəşf edir, indiyədək tanımadığı və ya bilmədiyi nəyisə öyrənir.
Səhifələrdəki xirda dəliklər balaca oxucuların diqqətini ümumi fonda nəzərə çarpmayan kiçik hissələrə cəlb edir, növbəti səhifədə olan və yaxud əvvəlki səhifədə gözündən qaçmış xırda bir elementi vurğulayır və bununla da diqqətli olmağı aşılayır. Yaxud da uşaqlar sadəcə bu dəliklərdən bir-birlərinə baxaraq əyləncəli öyrənmə prosesində iştirak edirlər.
Beləliklə, bu kitablar sayəsində uşaqların ətraf aləm haqqında ilkin təsəvvürləri formalaşır, onlarda kitaba maraq yaranır, oxumağın cansıxıcı bir iş yox, əyləncə olduğunu anlayırlar, təkcə gözlə oxuyaraq deyil, eyni zamanda barmaqla toxunaraq da öyrənirlər. Onlarda görmə və eşitmə ilə yanaşı hiss etmə qabiliyyəti də inkişaf edir.