İnsanların öz arzularının və istəklərinin arxasınca getməsi onu uğura apara bilən ən gözəl yoldur. Heç bir maneə və çətinliklərə baxmayaraq məqsədə çatmaq insanı ucaldır. Xüsusilə də, belə xüsusiyyətlərin uşaqlıqdan aşılanması böyüməkdə olan bir fərdin gələcəkdə çətinliklərə sinə gərməsini daha da asanlaşdıra bilər...
Müasir dövrdə əsas problemlərdən biri fiziki imkanları məhdud şəxslərin cəmiyyətə adaptasiyası, eyni zamanda cəmiyyətin onlara qarşı həssaslığıdır.
"3 alma" uşaq ədəbiyyatının nəşr etdiyi növbəti kitab məhz bu problemin kiçik yaşlı uşaqların həyatına təsiri, onların belə halla üzləşəndə verəcəyi reaksiyası barədədir.
Müəllif Orxan Adıgözəlin uşaqlar üçün qələmə aldığı "Əngəlsiz arzular" əsərinin qəhrəmanı əslində hamımızın adi saya biləcəyi hadisə nəticəsində ayağını itirmiş balaca oğlandır. Kitabda Nihad adlı bu oğlanın həyat hekayəsi, ətrafdakıların ona fərqli münasibəti və onun bu münasibəti dəyişmək üçün apardığı mübarizə, tək ayaq üstə durmaq üçün göstərdiyi əzm, bütün əngəllərə qalib gələn arzuları, çəkdiyi zəhmət və eyni zamanda dostlarının, ailəsinin ona mənəvi yardımı təsvir olunur.
Mövzu baxımından uşaq ədəbiyyatında yeni olan "Əngəlsiz arzular" kitabı çox yaxında "3 alma" əmtəə nişanı ilə nəşr olunaraq oxuculara təqdim ediləcək.