Səbət
0
Ara toplam: 0.00 ₼

“Avonli qəsəbəsinin qızı”ndakı sosial mesajlar - Fariz Bayramov yazır

27.07.2018

Kanada yazıçısı Lyusi Montqomerinin xəyalpərvər Anni haqqında yazdığı silsilənin ikinci romanı "Avonli qəsəbəsinin qızı"nda Anninin artıq 17 yaşı var.

Xəyal gücündən heç nə əskilməsə də, yaşadıqları, gördükləri, həyat təcrübəsi Annini daha sakit, təmkinli edib. Marilla qocalıb, gözləri zəifləyib, Anninin qayğıları çoxalıb. Artıq müəllimdir, malikanənin, məhəllənin, məktəbin və bütün qəsəbənin təəssübünü çəkir, abadlıq işləri aparan cəmiyyət qurur, "hər kəs öz küçəsini abadlaşdırsın" şüarı ilə həyət-həyət gəzərək danışıqlar aparır. Bəli, anladığınız kimi, Anni böyüyüb... Heç istəmədiyi halda...

Yetimxanada böyüyən Anninin 17 yaşı olanda tale ona daha bir vəzifə verir: Anni iki yetim uşağa baxmalıdır. Marillanın uzaq qohumu Meri Keyz sağalmaz xəstəliyə yaxalanır və əkiz uşaqları - oğlu Deyvi və qızı Doranın taleyi Merini bərk narahat edir. Qardaşı gəlib öz yanına aparana kimi əkizləri etibar edəcəyi bircə nəfər var - Marilla. Bunu bilən Anni öz həyatını, yetimxanada keçirdiyi günləri xatırlayır, məmnuniyyətlə əkizlərə baxmaqda Marillaya əlindən gələn köməyi edəcəyinə söz verir. Çox sakit qız olan Doranın əksinə, Deyvi elə nadincdir ki, Doranın yerinə də dəcəllik edir. Bu dəcəlin macəraları da romana ayrı rəng qatıb. Anninin ürəyinin genişliyinə, gözəlliyinə bu uşaqlarla münasibətində bir daha şahid oluruq.

Deyirlər, insanın xasiyyəti, xarakteri necədirsə, həyatda da ona uyğun hadisələrlə qarşılaşır, maqnit kimi özünə çəkir belə hadisələri. Həmişə fikir vermişəm, kim hadisələri maraqlı danışa, maraqlı formada çatdıra bilirsə, sanki maraqlı hadisələr də yalnız onun başına gəlir. Yaxud kim hansısa hadisəni məzəli, gülməli şəkildə çatdırmaq bacarığına sahibdirsə, elə bil, bütün gülməli hadisələr onun yanında cərəyan edir. Bəs, sizcə, xəyalpərvər, sentimental Anni romantikadan qurtula bilərmi? Əsla! Anni və Diana tamam təsadüf nəticəsində tanış olduqları qırx yaşlı xanım Lavendarın həyat hekayəsini biləndə, necə sirrli sevgi hekayəsi ilə üz-üzə olduqlarını öyrənəndən sonra bu əsrarəngiz sevginin təsirinə düşərək illərlə sürsə belə, qovuşa bilməyən iki insanın qovuşmağı üçün fəaliyyətə keçirlər. Lap nağıllardakı kimi...

Anni və yoldaşlarının qəsəbədə, məktəbdə gördüyü işlər insanı riqqətə gətirir. Birinci roman haqda yazımda da vurğulamışdım: İyirminci əsrin əvvəllərində Kanadanın ucqar adalarından birində yerləşən qəsəbədə gənclərin gördüyü işlərlə, nəinki o dövrdə, hətta indi, iyirmi birinci əsrdə belə bizim əyalətlərdəki gənclərin gördüyü işləri müqayisə edəndə adamı ağlamaq tutur. Onların hələ o dövrdə təhsilə verdikləri önəm iyirminci əsrin əvvlində onları bizim indiki vəziyyətimizdən dəfələrlə yüksək səviyyəyə qaldırıb. İndi dünyanın ən yaxşı, yaşamaq üçün ən uyğun sayılan, tövsiyə edilən, mühacirlərin belə, ən çox üz tutduğu ölkələrdən olan Kanadanın bu saydıqlarıma necə sahib olduğunu bilmək, bu barədə ümumi anlayışa sahib olmaq üçün bircə bu silsilə romanları oxumaq bəs edər.

Bilirəm, birdən-birə nə biz Kanada ola bilərik, nə uşaqlarımız Anni, Diana, Cilbert. Bəs yolu nədir? Əsərdə bu barədə kifayət qədər sosial mesaj var. Kim nə deyirsə desin, əzmlə çalışmaq, öyrənmək eşqini birləşdirə bilən, bunu istəyən hər hansı cəmiyyət zamanla bu səviyyəyə çata bilər, eləcə də biz. Təki hər cəmiyyətin gələcəyi olan kəsləri - uşaqları buna elə uşaqlıqdan öyrədə bilək, uşaq vaxtlarından buna hazırlayaq. Xüsusən, qız övladlarımızı bu mərhələdə düzgün yönləndirməklə, gələcəkdə gözəl cəmiyyət arzumuzu həyata keçirə bilərik. Əgər övladınız, yaxınınız üçün yaxşı, ən əsası isə həyatına, xəyal gücünə, bədii təfəkkürünə təsir edəcək kitab axtarırsınızsa, heç düşünmədən bu kitabları əldə edin.