06.08.2018
Oxucunu sevindirən ən gözəl şeylərdən biri də yeni yazıçı kəşf etməkdir. Oxumaqdan doymadığı, zövqlə mütaliə etdiyi yeni nəfəs, yeni qələm... Aytül Akal kimi, məsələn.
Bugünlərdə Akalın “Səmadakı şarlar” hekayələr toplusunu oxudum. 9 hekayədən ibarət kitabı Sevər Ərdəmir tərcümə edib.
“Yazıram. Çünki, yazmaq mənim ən böyük xoşbəxtliyim, ən şiddətli arzumdur. Mən böyüyəndə məşhur bir yazıçı ya da məşhur bir şair olacağam”.
Akal hələ 15 yaşındaykən gündəliyinə bunları yazmışdı. Ürəyi lap kiçik yaşlardan yazıb-yaratmaq eşqi ilə çırpınırdı. Uşaq olmaqdan heç vaxt vazkeçməyən müəllif nə az, nə çox düz 126 kitab yazır. Uşaqların rəngarəng dünyasını özünəməxsus boyalarla təsvir edən yazıçı onların ürəklərinə toxunmaqdan zövq alır.
Hekayələrini, nağıllarını və şeirlərini dərsliklərdə də görmək mümkündür. Aytül Akalın hekayələri, nağılları alman, ispan, fars, bolqar, ərəb, ingilis dillərinə tərcümə edilib. Yazıçı həm də Türkiyədə “Uçan balık” Nəşriyyatının qurucularındadır.
Hiperaktivliyin kralı və kraliçası...
Hekayədə qızlarına məşğuliyyət tapmağa çalışan ata-anadan bəhs olunur. Voleybol, basketbol, üzgüçülük, uzunluğa tullanma, balet, piano, atçılıq, şahmat və sair. Balaca qız sırayla bunların hamısında özünü sınayır. Lakin heç birində uğur əldə bilmir…
“Görəsən, mənim xüsusi gizli qabiliyyətim varmı? Həmin qabiliyyətimi kəşf edə bilsəm, mükafatlar qazanıb dünya şöhrətli şəxsiyyət kimi atamla anamı sevindirə bilərəmmi?”
Əksər valideynlər övladlarının istəyini nəzərə almadan onları müxtəlif idman növlərilə məğul olmağa məcbur edir, gerçəkləşdirə bilmədikləri xəyallarını uşaqları üzərində həyata keçirməyə çalışırlar. Valideyn uşaq arasındakı bu mübarizə kiçik yaşlarda o qədər də böyük çətinlik törətmir. Lakin uşaqların həyati seçimlər etdiyi gənc yaşlarda bu qarşıdurmanın öhdəsindən gəlmək çətin olur. Uşaqlıqdan seçim haqqı verilməyən gənclər gələcək barəsində düzgün qərar verməyi bacarmırlar.
Bağdakı sirr...
Yazıçı səmimi dillə kiçik oxucularına, valideynlərə gözəl dərs verir.
“Onlar da belə deyirlər də... Deyirlər ki, oxumağı öyrənəndən sonra artıq mənə kitab oxumayacaqlar. Özüm oxuyaram, deyirlər. Göz yaşları yanağından süzülməyə başladı. Balaca ürəyindən nələr keçirmiş...”
Yaxşı yaxşısı...
Əksər hallarda valideyn-uşaq münasibətlərində çətinlik yaşayanlar iki qrupa bölünürlər. Uşağına həddən artıq laqeyd davranan valideynlər, uşağına həddən artıq diqqət göstərən valideynlər. Bu hekayədə 2-ci qrupa aid olan valideynlərdən bəhs olunur. Qızına hər şeydə irad tutan, etdiyi hər hərəkəti sorğulayan ana etdiyi heç nədən razı qalmadığını hər fürsətdə bildirir. Hər mövzuda ekspert kimi öz doğrularını qəbul elətdirməyə çalışan ana qızına bu qədər nəzarət etməkdə düz edirmi? Hekayə o qədər çılpaq dillə qələmə alınıb ki, özünüzü evinizdə ananızla mübahisə edirmiş kimi hiss edəcəksiniz.
Bu kloun kimdir?
Daha bir kədərli kloun hekayəsi...
Balaca qəhrəmanımızın ad gününə gələn kloun məclis boyunca onu, dostlarını əyləndirsə də, günün sonunda kədərləndirir. Qısa, amma təsirli olan bu hekayədən çıxarılacaq nəticənin balaca oxucuları təəccübləndirəcəyinə əminəm.
Yeni il böhranı...
Yeni il gecəsi saat 12-də uşağınızdan nə etmək istədiyini soruşmusunuzmu? Kompüter oynamaq, yoxsa, musiqi dinləmək? Bəlkə, telefonla danışmaq? Ya da dondurma, qoz-fındıqlı şokolad yemək? Nə edəcəyinə qərar verə bilməyən qız kiçik bacısının yeni il arzusu qarşında donub qalır. Görəsən bu arzunu yerinə yetirə biləcəkmi?
“Uçan yataq, danışan ağac, sehrli boşqab, əriməyən şəkər, qurtarmayan şokolad, ulduzlar, Ay baba... Mütləq səfeh bir şey istəyəcəkdi...”
Həyatın içindən, doğma, səmimi, bəzəksiz-düzəksiz gündəlik məişət mövzularının izah olunduğu, sadə hekayələrin toplandığı “Səmadakı şarlar” kiçik oxucularını düşündürən, düzgün yol göstərən, tərbiyələndirən, maraqlı əhvalatlarla əyləndirən, bəzən də kədərli nüanslarla sarsıdan kitabdır.