Amazondan Arktikaya:
Gecə qırğısının qadağan olunmuş köç səyahəti
Gecə qırğılarının ailələri də eynən insanların ailə həyatına bənzəyir. Balalarını qayğı ilə böyüdər, onları hər bir çətinlikdən qorumağa çalışarlar. Yuvada olan Uinni, Uillo və Uisp ana və atalarını səbrlə gözləyər, biri növbəni pozardısa digəri ona güzəştə gedərdi. Uisp isə bacı-qardaşlarından ağıllı tərpənib əvvəlcə onların yemlənməsinə icazə verərdi ki, sonda anasının ağzında olan yemin hamısını özü yeyə bilsin. Uisp tam fərqli bir bala idi.
Uispin atası onu əsl şturman kimi böyütmək istəyirdi. Bu səbəbdən də ona ulduz xəritəsini səbrlə öyrədirdi ki, gələcək həyatında çətinlik çəkməsin. Eyni bizim atalarımız kimi. Fərq yalnız ondadır ki,onun atası çox səbrlə öyrədir. Bizim valideynlərimiz isə biz bir şeyi başa düşməyəndə üstümüzə qışqırırlar və çox səbrsizlənirlər.
Uisp atasından köç yolu ulduz xəritəsini öyrənə bilməsə də ondan əsl həyat dərsi ala bilmişdi. Atasının arzuları onun qanına işləmişdi. Əsər boyu atası yanında olmasa da onun qəlbində açdığı yolla arzularına doğru irəliləyirdi. Atasının ona danışdığı hekayələr onu qanadlandırdı.
Atam mənə tez-tez deyir ki, Ayxan, sən idarəçi olmalısan, fərqli olmalısan, ölkəmizi irəli aparmalısan. Eynən atam kimi Deymon da Uispi koloniyasının xilaskarı kimi görmək istəyirdi.
Yanğın nəticəsində atasından ayrılıb sığınacağa düşən Uisp özünü atasının onun qəlbində yaratdığı dunyadan çox-cox uzaqda, yad bir planetə düşmüş, qolu-qanadı qırılmış kimi hiss edirdi və tezliklə buradan uzaqlaşmağın yollarını axtarırdı. Və bir gün o buna nail olub köhnə fikirli idrəçilərin idarə etdiyi ölüvay koloniyadan qaçmağa nail olur.
Uisp Arktikaya tək getmək niyyətində idi. Amma bu heç də onun düşündüyü kimi asan yol deyildi. Dəfələrlə ölümlə üz-üzə qalmışdı. Dostları olmasaydı bəlkə də bu uzaq məsafəni heç bir zaman qət edə bilməyəcəkdi. Hər bir uğura çatmaq üçün bizim ağıllı insanlaın məsləhətinə, bizdən böyüklərin yardımına ehtiyacımız olur, bunsuz uğur olmaz. İlk vaxtlar Uisp təkəbbürlülük edib özünü ağıllı sayırdı. Tam çətinə düşən zamanda Uillo özünü Uispə çatdırıb onu quşyeyən hörümçəkdən xilas etməsəydi bəlkə də bu Uispin həyatının son günü olacaqdı.
Azadlığa gedən yolda çox büdrədi, bəzən ac-susuz qaldı, yağışda islanıb üşüyərkən pəncərə arxasından çölə baxan quşa paxıllığı da tutdu, amma yolundan dönmədi. Bir an belə tərəddüd etmədi.
Uispin cəsarəti, Uillonun isə ağlı ilə birlikdə uzun yola qoyuldular. Mən bu yolu Uillosuz təsəvvür edə bilməzdim. O dəfələrlə ağıllı məsləhətləri ilə Uispi çətin vəziyyətdən çıxarmışdı. Yolda dinozavr ayaqlı qarğa Qonzoya rastlamaları ilk vaxtlar onlar üçün təhlükə yaradırdı. Yol boyu ancaq qarnını düşünən Qonzonu idarə etmək elə də asan olmadı. Dostlar onun daim tox olması üçün çalışmalı idilər ki, ac vaxtlarında onları yeməsin. Qonzonun Uisp kimi böyük hədəfləri yox idi. O yalnız Arktikaya çatıb iri maralları yeməyin dərdini çəkirdi. Qarnını doldur, istədiyini eləsin. Qonzonun sonradan ac düşməndən etibarlı dosta çevrilməsi Uillo, Uisp və dildən pərgar Piivonun ağıl və cəsarətinin uğuru idi. Dostlar dinozavr ayaqlı Qonzonu zibillikdə eşələnib zibil yeməklə qarnını doyuran quşdan tam fərqli bir balıq tutma bacarığına yiyələnən bir quşa çevirməyə nail oldular.Bunu birlikdə bacardılar.
Nəticədə Qonzo onların böyük xilaskarı, kaloniyanın həyatında böyük dönüş yaradan addımı ilə onların azad dünyada yaşamasının səbəbkarlarından oldu. Qonzonun onların yanında var olması belə, dostları ruhlandırıb, cəsarətləndirirdi.
Düşünürəm ki, biz də dostlarımızla birləşərək pis vərdişləri olan tanıdıqlarımızı və sinif yoldaşlarımızı doğru yola yönləndirə bilərik.Bu da bizim böyük uğurumuz olar.Birlikdə daha güclü olarıq.
Əsər boyu dəyərli sözün qudrətini də anladım. Bəzən güc verib qaçmaqdansa çıxılmaz məqamlarda yerində və ağıllı istifadə olunmuş söz daha dəyərli olur. Dostlar bu yolla bir neçə dəfə yırtıcı quşlardan xilas olurlar.
Qüruru Uispə sirrini açmağa qoymurdu, amma Uillo bunu hiss etmişdi. Uispin yerinə olsaydım sonda atamla görüşəndə sirrimi ona açıb, mənə bir daha ulduz yolunu öyrətməsini xahiş edərdim. Öyrənsəydi bundan sonrakı həyatını daha rahat yaşayardı, nə Uillodan nə də digərlərindən asılı qalmazdı. Ümid edirəm atası onu anlayacaq və əvvəl olduğu kimi ulduz xıritəsini səbrlə öyrədəcəkdi.
Daima dostları izləyən Parlaq Alov isə mənə Səfillər romanındakı Javer obrazını xatırladır. Onun durmadan Uispin dəstəsini izləməsi Javerin bir ömür boyu Jan Valjanı əbəs yerə təqib etməsinə bənzəyir. Müəllifin yerinə olsaydım Parlaq Alovun adını Sönmüş Alov qoyardım, çünki öz kaloniyasını parlaqlıqdansa daimi qaranlığa,ölümə sürükləyən bir rəhbər idi.
Mənim fikrimcə bu kitab insanı məqsədə doğru irəliləməyə,ondan üz çevirməməyə, yorulmamağa, ruhdan düşməməyə çağırır. Öz məqsədinə doğru əzmlə irəliləyən sonunda mükafatını alacaq və bu əzmi gələcək nəsillərə ötürmüş olacaq. İnsanın gələcək nəsillərə ötürə biləcəyi ən böyük ərmağan qorxusuzluq, əzmkarlıq və cəsarətdir.
Düşünürəm ki, quşlardan öyrəniləsi çox şeylər var.
Essenin müəllifi: AYXAN MIRZƏZADƏ
Doğum tarixi: 12.03.2008
Məktəb: Sumqayıt şəhər 26 saylı tam orta məktəb