Hörmətli oxucular!
Bildiyiniz kimi, 3 alma öz sosial media hesablarında mütəmadi olaraq “HƏDİYYƏLİ POST”lar paylaşır. Belə postların məqsədi, adətən, səhifələrdə aktivliyi artırmaq olsa da, bu dəfəki “Jonathan Bryan kimdir?” postunun məqsədi “Göz yaza bilər” kitabının müəllifi Conatan Brayn haqqında maarifləndirmə aparmaq idi. Çünki 3 almanın seçdiyi bu müəllif digərlərindən fərqlidir. Onun nə dərəcədə fərqli olduğunu bu müsabiqədə iştirak edərək haqqında məlumat toplayanlar bildi. Aşağıdakı şərhləri oxumaqla siz də biləcəksiniz. Müəllifin adı ingilis dilində “Jonathan Bryan” kimi yazılır, ona görə də postda elə yazmışdıq ki, xarici mediadan məlumat axtararkən rahat olsun. 3 alma müəllifin sözü gedən kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr edib. Conatan Braynla daha yaxından tanış olmaq, onun keçirdiyi hisslərə ortaq olmaq, hansı çətinliklərə müqavimət göstərdiyindən xəbərdar olmaq istəyənlər kitabı Azərbaycan dilində əldə edib oxuya bilərlər.
Kitabı (http://www.3alma.az/book,420/lang,az/ ) həm 3 almadan onlayn sifariş edə, həm də şəhərin kitab mağazalarına yaxınlaşıb əldə edə bilərsiniz.
Bu maarifləndirmə işində bizə dəstək olan bütün müsabiqə iştirakçılarına öz minnətdarlığımızı bildiririk. Müsabiqənin şərtlərindən 1-cisi – Conatan Braynı BİR cümlə ilə ifadə etmək idi. Amma çoxları şərhlərdə demək olar ki, dastan yazdı. Onlara ayrıca təşəkkür edirik. Görünür, oxuduqları məlumat onlara o dərəcədə təsir edib, ürəkləri o qədər dolub ki, yazmaqla doymayıblar. O şərhlər həqiqətən çox dəyərlidir. Amma əvvəldən elan olunan şərtə riayət edənlər var. Onlara haqsızlıq etmək istəmirik. İlk onluğa seçilənlər hamısı BİR cümlədən ibarət şərhlərdir. Təəssüf ki, bir cümləlik şərhlərin içində çox bəyəndiklərimiz var idi ki, onlar da 3-cü şərtə əməl etməyiblər. Yəni bizim postu öz səhifələrində paylaşmayıblar. Aşağıdakı 10 şərhin sahibi, yəni 3 şərtin hamısına əməl edənlər bizdən kitab qazanır. Şərhlərin hamısını olduğu kimi, heç bir düzəliş olunmadan sizə təqdim edirik. Qaliblər öz kitablarını əldə etmək üçün həftə içi bu nömrə ilə əlaqə saxlasınlar: 012 599 08 56
palporri
Jonathan Bryan və bənzəri insanlar sayəsində görünür ki, fiziki bir əngəli olmaq sənət, idman və s. işlərlə məşğul olmaq üçün mane deyil, hansı ki bu şəxs beyin serebral palsi xəstəsi olmasına baxmayaraq, çox mükəmməl bir kitab ərsəyə gətirib.
Ehh, o atmışdı özünü mavi dalğalara, qovuşmuşdu parlaq su səthi ilə, anlamışdı, səssizlik ən böyük səs, gözlər isə ən mənalı dildir
amin.inci_
Mən deyərdim ki, Jonathan Bryan düşünə bilən,ancaq fiziki qüsurları səbəbilə hislərini,düşündüklərini ifadə edə,göstərə bilməyən bütün insanların fikirlərinin ifadəçisi olub,o tek özü haqda yox,özü kimi olan minlərlə insanın demək istəyib deyə bilmədiklərini yazıb.
mahiraabdukerimova
Jonotan Bryan bütün dünyaya uğur əldə etmək üçün sağlam fiziki quruluşun, mükəmməl təhsilin vacib olmadığını, yalnızca özünəinam və əzmin əhəmiyyətli olduğunu bir daha sübut etdi!
bayramovvusal_313
Mini bir möcüzənin kilidini açmaq: Ədəbi bir möcüzə kimi çıxan, səslərini eşitməyi gözləyən səssiz bir balacanın qeyri-adi hekayəsi.
ferhad.190
Jonathan Bryan fiziki əngəlləri olmasına rəğmən gözləri ilə yazmağı öyrənən və bütün uşaqların oxuma -yazma təhsilini dəstəkləyən təhsil ehtiyacları müdafiəçisidir.
_sh2005_w
Fiziki qüsurla özünə qüsursuz yollar açaraq qəlblərdə möcüzəvi iz qoyan yazıçı
kitab_sever_biri
Taxtadakı hərflərə baxaraq gözlərinizi çırpmaqla yazmağı öyrənmək təkcə zəhmətkeş insan dayanıqlığının qələbəsi deyil, əlilliyə münasibətləri çox geniş bir şəkildə dəyişdirən möhtəşəm bir müvəffəqiyyətdir.
nicinbooks
Jonathan Bryan hər birimizin daxilində olub amma istifadə etmədiyimiz Allah vergisindən yararlanaraq özünün və özü kimi insanların qaranlıq dünyasını aydınlatmışdır.
ayan_senan_2021
Her kes bildiyini danissaydi her yere sukut cokerdi ve Bryan gozleriyle o sukutu pozdu