Bakı Limanının təşəbbüsü ilə "3 alma" tərəfindən hazırlanan “Bir şəhər, bir liman” adlı kitabın "LIBRAFF"da təqdimatı keçirilib.
Uşaqlar üçün hazırlanan Bakı Limanının tarixi, əhəmiyyəti burada icra edilən işlərlə bağlı məlumatların əks olunduğu kitab bir-birindən maraqlı illüstrasiyalarla da zənginləşdirilib.
Müəllifi Reyhan Yusifqızı, illüstratoru Ruhulla Həsənzadə olan “Bir şəhər, bir liman” adlı kitab oxuculara limanın təkcə nəqliyyat və logistika mərkəzi kimi deyil, həm də ekoloji və innovativ inkişaf nümunəsi olaraq rolunu təqdim edir.
Böyük İpək Yolunun mühüm dəniz marşrutlarından birində yerləşən limanının keçdiyi inkişaf yolundan qısa formada bəhs edilən kitabda, Bakı Limanı təbiətinin ən mühüm kompenentlərindən olan flaminqolardan da bəhs edilib.
Kitabda fədakar xanım limançıların əməyindən də söhbət açılır.
Eyni zamanda, bu kitab gənclərə və uşaqlara əməksevərlik, məsuliyyət və vətənpərvərlik kimi dəyərləri aşılayır. Limançıların fədakar əməyi, onların işə olan sevgisi və ölkənin inkişafında oynadıqları rol oxucular üçün ilham mənbəyi olacaq.
Kitab, həmçinin gəncləri bilik və bacarıqlarını artırmağa, texnologiya və yeniliklərə açıq olmağa təşviq edir.
Bu nəşr liman haqqında məlumat almaq istəyən balaca oxucular, eləcə də dəniz ticarətinə marağı olan gənclər üçün əhəmiyyətli bir mənbədir.