Sizə Zəfər savaşımız haqqında həqiqətləri çatdıran SEVİNC NURUQIZI uşaq yazıçısı, şair, tərcüməçi, publisistdir. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetində baş redaktorun müavini (2003-2006), “Minamedia” nəşriyyat evində “Cırtdan” və “Ümid” uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006-2007), “İctimai Radio”nun efirində “Çoxbilmiş” və “Nağıl saatı” verilişlərinin redaktoru və aparıcısı (2006-2007), “Göy qurşağı” uşaq jurnalının redaktoru olub (2015-2021). Hazırda “Təhsil” və “Aspoliqraf” nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiridir. Qarabağ ağrılarına həsr edilmiş “Qisas” adlı pyesi Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının (2006), “Gəlinciklər” adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub (2006). Azərbaycan, ingilis, Koreya, rus, Belarus, fars dillərində 50-dən artıq kitabı nəşr edilib. Cənubi Koreya Respublikasında üç dildə – Azərbaycan, Koreya və ingilis dillərində “Sürəyyanın izində”, Türkiyədə “Melisa” və “Gaga və Hamhamın maceraları”, Belarusda “Bazqulaq i parı qoda” adlı kitabları işıq üzü görüb. “Sərçəcik” və “Bahar qız əfsanəsi” operalarının libretto müəllifi dir (bəstəkarı Oqtay Rəcəbov). Müxtəlif illərdə çap olunmuş şeirlərinə, hekayələrinə, poema və dram əsərlərinə görə respublikanın Mədəniyyət və Təhsil nazirliklərinin, bir sıra yaradıcı birliklərin və beynəlxalq təşkilatların mükafatlarını qazanmış, Türkiyənin İLESAM-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl – 2018 (kitab dosyası) müsabiqəsində roman janrında olan “Melisa” əsərinə görə birinci yerə (2018) layiq görülüb.